“Əriyən ada”
Fariz Əhmədovun yeni sənədli
filmi təqdim olundu
İyunun 1-də Nizami Kino Mərkəzində
Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının (ARKİ) üzvü, kinorejissor Fariz Əhmədovun
“Əriyən ada” sənədli filminin təqdimat mərasimi
keçirildi.
Tədbiri Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının
icraçı katibi, İctimai Televiziya və Radio
Yayımları Şirkətinin baş direktoru, Əməkdar
incəsənət xadimi Cəmil Quliyev açaraq film
haqqında fikirlərini bölüşdü. Ekran əsərinin
Mədəniyyət və Turizm Nazirliyinin və ARKİ-nin dəstəyi
ilə “Azanfilm” studiyası tərəfindən istehsal
olunduğunu bildirdi.
Cəmil Quliyev gənc rejissor Fariz Əhmədovun özünəməxsus dəst-xətti və üslubu ilə seçildiyini qeyd etdi: “O, yaratdığı ekran əsərləri üzərində daim tədqiqatlar aparmaqdan çəkinmir. Bu dəfə də təqdim etdiyi filmdə onun istedadının bir daha şahidi olacaqsınız. Fariz filmləri ilə tamaşaçını düşündürə və təsirləndirə bilir”.
Qeyd olundu ki, ssenari müəllifi Esmira Əyyub, operatoru Rüfət Kərimov olan “Əriyən ada” sənədli filmində hadisələr Kürdili kəndində (Neftçala rayonu) cərəyan edir. Rejissor və ssenari müəllifi kameranın obyektivini həyatın demək olar ki, donduğu, uzun illər əvvəl tərk edilmiş Kürdili adasında hələ də yaşamaqda olan bir neçə ailənin ağır güzəranına yönəldərək sanki dünyadan təcrid olunmuş bu insanlara doğru bir körpü salmağa çalışıb: “Orada zaman dayanıb. Orada qaz əvəzinə odundan, elektrik əvəzinə şamdan istifadə edirlər. Orda yaşayanlar müasir, rahat həyatdan bixəbər deyillər, istədikləri vaxt yaşam tərzlərini dəyişmək üçün buranı tərk edib gedə bilərlər, amma... Onlar buranı sevirlər. Onların gəncliyi, xatirələri bu yerlə bağlıdır. Ona görə də həyatlarını əriyən ada ilə birgə əritməyə qərarlıdırlar...”
Filmin nümayişindən sonra “Əriyən ada”nı ərsəyə gətirən heyət ayaq üstə alqışlandı.
Nigar
Mədəniyyət.- 2013.- 5 iyun.-
S. 13.